Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Mülki Aviasiya günü “ASAN xidmət”də


2 iyun 2015-ci il tarixində “ASAN xidmət” və Milli Aviasiya Akademiyası ilə birgə 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Mülki Aviasiya gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev, Azərbaycan Milli Aviasiya Tarixi Muzeyinin böyük elmi işçisi Yeganə Muradova, Milli Aviasiya Akademiyasının elmi katibi Xəqani Abdullayev və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 may tarixli Sərəncamına əsasən, 2 iyunun hər il ölkəmizdə mülki aviasiya işçilərinin peşə bayramı günü kimi qeyd edilidiyini və “ASAN xidmət” mərkəzlərində dövlət orqanlarının peşə bayramı günlərinə xüsusi yanaşıldığını diqqətə çatdırıb. O, qeyd edib ki, son illərdə ölkəmizdə mülki aviasiya sürətlə inkişaf edərək yük, sərnişin daşınmasında tamamilə yeni mərhələyə keçib və bu gün müstəqil Azərbaycanın aviasiya sistemi dünyada xüsusi çəkiyə malikdir.

Azərbaycan Milli Aviasiya Tarixi Muzeyinin böyük elmi işçisi Yeganə Muradova zəngin ənənələrə malik mülki aviasiyanın bu gün öz inkişafının keyfiyyətcə yeni mərhələsini yaşamasından, mülki aviasiyamızın inkişafında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb.

Milli Aviasiya Akademiyasının elmi katibi Xəqani Abdullayev çıxış edərək mülki aviasiyamızda güclü və ixtisaslı milli kadrların formalaşdığını və gənc aviatorlarımızın bu gün ölkənin veteran pilotlarının şərəfli əmək yolunu uğurla davam etdirdiklərini vurğulayıb.

Son olaraq Ülvi Mehdiyev peşə bayramı münasibətilə mülki aviasiya işçilərini təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb və tədbir iştirakçılarını Milli Aviasiya Akademiyasının müdavimləri tərəfindən hazırlanan aviasiya üzrə modellərdən ibarət baxmağa dəvət edib.

Qeyd edək ki, ümumilikdə nümayiş olunan 16 aviasiya modeli əhalinin daha yaxından tanış olmaları məqsədi ilə iyun ayının sonunadək “ASAN xidmət” mərkəzində xidmət alan vətəndaşlar üçün sərgilənəcək.


Tarix: 01-06-2015 11:10