Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

UNICEF-in Azərbaycandakı nümayəndəsi Andro Şilakadze “ASAN xidmət” mərkəzi ilə tanış olub


20 oktyabr 2014-cü il tarixində UNICEF-in Azərbaycandakı nümayəndəsi Andro Şilakadze Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin binası və fəaliyyəti ilə tanış olub.

Qonağı salamlayan Dövlət Agentliyinin sədri İnam Kərimov “ASAN xidmət” mərkəzlərinin yaradılması, məqsədləri, inkişaf yolu, həyata keçirdiyi xidmət növləri, həmçinin gələcək planlara dair geniş məlumat verib. Bildirilib ki, Azərbaycan ixtirası və brendi olan “ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılmasıdır.

“ASAN xidmət” mərkəzini dövlət xidmətlərinin həyata keçirilməsində innovativ və mütərəqqi təcrübə hesab edən qonaq müvafiq sahənin təkmilləşdirilməsi  üçün bu yanaşmanın dünyəvi model olduğunu qeyd edib.

Mərkəzdə tətbiq olunan innovativ avadanlıqlar - “Müraciət köşkü”, “Elektron ərizə” avadanlığı-İnnovasiyalar mərkəzi qonağa nümayiş etdirilib.

Qonağın diqqətinə çatdırılıb ki, “ASAN xidmət” mərkəzlərində bugünədək 3 000 000-dan çox vətəndaşa xidmət göstərilib.

 “ASAN xidmət” mərkəzində yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaq buradakı əməkdaşların peşəkar yanaşmasını yüksək qiymətləndirib, mərkəzə gələcək fəaliyyətində uğurlar arzulayıb.


Tarix: 20-10-2014 18:25