Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

“myGov” portalının mobil tətbiqi istifadəyə verilib


"myGov” elektron hökumət portalının mobil tətbiqi istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılan mobil tətbiqin məqsədi dövlət xidmətlərinin vətəndaşlar üçün daha əlçatan olmasını təmin etmək, reaktiv xidmətlərdən proaktiv xidmətlərə keçidi sürətləndirməkdir. 

Artıq mobil telefonda da vətəndaşlar üçün tələbə-məzun məlumatları, ailə tərkibi, cərimələr, daşınmaz əmlak məlumatları, diplomlar, etibarnamələr, hərbi xidmət haqqında məlumatlar, iş yeri, məcburi köçkün statusu haqqında məlumatlar, qeydiyyatda olan nəqliyyat vasitələri, şəxsi məlumatlar, stasionar telefon məlumatları, sürücülük vəsiqəsi, ümumvətəndaşlıq pasportu və yaşayış yeri kimi məlumatlarla tanış olmaq “myGov” tətbiqi üzərindən mümkündür. Həmçinin bu məlumatların bəzisini arayış formasında mobil telefona yükləmək və aidiyyatı istiqamətdə istifadə etmək mümkündür. 

“myGov” mobil tətbiqini həm "Android", həm "IOS" əməliyyat sistemlərindən yükləmək mümkündür. 

Portalda olduğu kimi mobil tətbiqdə sorğulanmış məlumatlarım xidməti mövcuddur ki, sizin məlumatlarınıza baxan banklar, təşkilatlar və s. qurumlar haqqında məlumat əldə edə bilərsiniz.

Hazırda "myGov”un 465 000-dən çox istifadəçisi vardır. “myGov” istifadəçiləri, həmçinin bura inteqrasiya olmuş bir çox qurumların və sistemlərin xidmətindən də yararlana bilirlər. Portalda qeydiyyatdan keçmək istəyən vətəndaşlar my.gov.az internet səhifəsinə daxil olaraq “Ana səhifə”də yerləşdirilmiş “Giriş qaydaları” ilə tanış ola bilərlər. 

Qeyd edək ki, “myGov”  elektron hökumət portalı ilkin olaraq “Beta” versiyada vətəndaşların istifadəsinə verilib. Qabaqlayıcı hökumət konsepti əsasında yaradılmış portalın əsas məqsədi təqdim edilən elektron xidmətlər vasitəsilə vətəndaşların işlərini asanlaşdırmaq, şəffaflıq və operativliyi təmin etməkdir. 

“myGov” haqqında daha ətraflı aşağıdakı videoda tanış olmaq mümkündür:
https://youtu.be/Q70627IX9z8


Tarix: 10-02-2021 15:13