Press-relizlər

"ASAN xidmət”in nümayəndəsi UCLG üzvlərinə Azərbaycan həqiqətlərini çatdırıb


27-28 oktyabr 2020-ci il tarixində Afrika Birləşmiş Şəhərlər və Yerli Hökumət Təşkilatının (UCLG Afrika) təşəbbüsü ilə “COVID-19 və ondan sonrakı dövrdə Yerli və Regional Hökumətlərin və Vətəndaşların Afrikada Ehtiyacımız olan Şəhər üçün Öhdəliklərini Təşviq Etmək” mövzusunda onlayn tədbir keçirilib. Tədbir Dünya Şəhərlər Gününün qeyd edilməsi münasibətilə ilə reallaşdırılıb.

Tədbirin “Yerli İdarəetmə və Vətəndaş İştirakı: COVID-19 pandemiyasından öyrəndiklərimiz” adlı sessiyasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin sektor müdiri Məhəmmədəli Xudaverdiyev təqdimatla çıxış edib. O, Azərbaycanda şəhərlərin inkişafı, xidmət sahəsində vətəndaş iştirakı, pandemiya ilə mübarizədə Azərbaycan Respublikası Hökuməti tərəfindən ölkəmizdə görülmüş işlər barədə ətraflı məlumat verib. “ASAN xidmət” mərkəzləri vasitəsi ilə karantin rejimində belə dövlət xidmətlərinin maneəsiz əldə edilməsinin mümkünlüyü diqqətə çatdırılıb.
 
Tədbir iştirakçılarına Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü barədə ətraflı məlumat verilib. Ermənistan işğalının və hücumlarının dövlət xidmətlərinin göstərilməsi kontekstində yaratdığı problemlərdən, eyni zamanda mülki əhaliyə və şəhər infrastrukturna dəymiş genişmiqyaslı zərər barədə bəhs olunub.
 
Xatırladaq ki, 23 iyun 2018-ci il tarixində Mərakeş Krallığında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Afrika Birləşmiş Şəhərlər və Yerli Hökumət Təşkilatı (UCLG Afrika) arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumun məqsədi Afrika şəhər və yerli hökumət orqanlarında yüksək keyfiyyətli xidmətlərin göstərilməsi məqsədilə insan resurslarını gücləndirmək, yerli idarəetmə orqanlarını dövlət xidmətlərinin göstərilməsi sahəsində “ASAN xidmət” təcrübəsi əsasında daha mükəmməl formada təşkilatlandırmaqdır.
 
Təqdimat çoxsaylı suallar, şərhlər, cavablarla müşayiət olunub.


Tarix: 29-10-2020 14:19