Press-relizlər

“ASAN xidmət”in fəaliyyəti barədə beynəlxalq tədbirdə məlumat verilib


15 oktyabr 2020-ci il tarixində Nazarbayev Universitetinin Dövlət Siyasəti Ali Məktəbinin İllik Konfransı çərçivəsində Astana Dövlət Xidməti Mərkəzi (Astana Civil Service Hub) tərəfindən “Yeni Həqiqətdə İdarəetmə və Etimad” mövzusunda panel iclası keçirilib.

Tədbirin məqsədi Astana Dövlət Xidməti Mərkəzinin iştirakçısı olan ölkələrin və beynəlxalq təşkilatların mütəxəssislərinin COVID-19 kontekstində effektiv dövlət idarəçiliyi və hökumətlərin rolu barədə təcrübələrini bölüşmək, habelə hökumətlər səviyyəsində kommunikasiyaların bütün səviyyələrində ictimai etimadın artırılmasının rolunu müzakirə etmək olub.

 Natiqlər arasında müxtəlif dövlətlərin, beynəlxalq təşkilatların və şirkətlərin tanınmış ekspertləri və professorları da yer alıblar.

100-dən çox iştirakçını əhatə edən tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Məhəmmədəli Xudaverdiyev də iştirak edib. O, pandemiya ilə mübarizədə Azərbaycan Respublikası Hökuməti tərəfindən ölkəmizdə görülmüş işlər, eləcə də “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” barədə ətraflı məlumat verib.

Eyni zamanda Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” mərkəzlərinin uğurlu fəaliyyətindən, e-hökumət sahəsindəki irəliləyişlərdən, müxtəlif elektron və rəqəmsal layihələrdən bəhs edilib. “ASAN xidmət”ə verilmiş BMT mükafatlarından, beynəlxalq əməkdaşlıqda əldə olunmuş uğurlardan, “MyGov”, “ASAN Finans” kimi layihələrdən və müvafiq sahələr üzrə gələcəkdə nəzərdə tutulan planlardan söz açılıb.

 “ASAN xidmət” mərkəzləri vasitəsi ilə karantin rejimində belə dövlət xidmətlərinin maneəsiz əldə edilməsinin mümkünlüyü diqqətə çatdırılıb. Pandemiya dövründə insanlara dövlət xidmətlərinin asan və səmərəli yolla alınmasına yol açan  mobil tətbiqetmə, Çağrı mərkəzi, “ASAN Müraciət”, elektron icazə sistemi haqqında da iştirakçılar məlumatlandırılıblar.

Təqdimat çoxsaylı suallar, şərhlər, cavablarla müşayiət olunub.


Tarix: 16-10-2020 11:40