Press-relizlər

"ASAN xidmət" mərkəzlərində vətəndaş qəbulu yalnız öncədən növbə götürülməklə təmin ediləcək


25 aprel 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçirilib.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminin  məhdudiyyətlərinin bir qisminin 27 aprel 2020-ci il tarixindən yumşaldılması nəzərdə tutulur.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib ki,  qərara əsasən “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində müvafiq tarixdən etibarən vətəndaşların qəbulu "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçiriləcək.

Növbə tutmaq üçün "ASAN xidmət" mobil təbiqi "IOS" və "Android" əməliyyat sistemlərindən yüklənilir. Eyni zamanda www.asan.gov.az saytındakı "Onlayn növbə" funksional bölməsi vasitəsi ilə və 108 Çağrı Mərkəzinə zəng etməklə növbə götürülə bilər.

Mobil tətbiqə dair videotəlimat: https://youtu.be/7Ds8ApBV8Tc   

Əvvəlcədən növbə əldə etməmiş vətəndaşların mərkəzlərdə qəbulu həyata keçirilməyəcək.

“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri  karantin rejimindən öncəki qaydada fəaliyyət göstərəcək.

Vətəndaşları qəbul edəcək mərkəzlər  insan hərarətini ölçən cihaz və müvafiq gigiyenik vasitələrlə təmin edilib. Eyni zamanda hər kəsi mərkəzlərdə  şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə,  digər şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırırıq.

Vurğulanıb ki, vaxtın düzgün idarə olunması üçün “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərindən yararlanmaq istəyən vətəndaşlar yaşayış yerini tərk etmək istədikdə öncə onlayn növbə götürsünlər və sonra SMS müraciət sistemindən yararlansınlar.

 Sonda Ülvi Mehdiyev sualları cavablandırıb.


Tarix: 25-04-2020 12:16