Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

9108 Çağrı Mərkəzi gücləndirilmiş rejimdə fəaliyyət göstərir


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi Daxili İşlər Nazirliyi ilə birgə “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”ni ərsəyə gətirib.


Vətəndaşlara sistemdən istifadə qaydaları və yaranan çətinliklərlə əlaqədar “ASAN xidmət"in 9108 Çağrı Mərkəzinə müraciət edilməsi imkanı yaradılıb.
 Fəaliyyətə başladığı müddətdən bu günə qədər ilk dəfə Çağrı mərkəzi xidmətlərinin  müasir texnologiyalardan istifadə edilməklə evdən, məsafədən həyata keçirilməsi təmin edilib.


Vətəndaşlar üçün rahatlığın və əlçatanlığın təmin edilməsi məqsədi ilə Dövlət Agentliyinin müxtəlif struktur bölmələrinin, o cümlədən "ASAN xidmət" mərkəzlərinin əməkdaşlarının bəziləri  inzibati ofislərindən,  digərləri isə evdən olmaqla Çağrı mərkəzinin fəaliyyətinə cəlb olunub və onlar zəruri texnoloji avadanlıqlarla təhciz ediliblər.


Mərkəzin əməkdaşları tərəfindən gün ərzində təxminən 15-17 mindən  çox vətəndaş müraciəti qəbul olunur.  9108 Çağrı mərkəzi vasitəsi ilə müraciətlərin qəbulu Xüsusi Karantin Rejimi müddətində nəzərdə tutulur. Müraciətlər bu müddətdə həftənin bütün günləri  saat 09:00-dan 21:00-dək həyata keçirilir.  Eyni zamanda vətəndaşlarımızın daha asan məlumatlandırılması və çoxsaylı zənglərin idarə edilməsi məqsədi ilə  24 saat avtomatlaşdırılmış rejimdə vətəndaşların sorğularını cavablandıran sistem fəaliyyət göstərir.


Xatırladaq ki, evdən çıxmaq istədiklərinə dair icazə əldə etmək üçün vətəndaşlar mobil nömrədən icazənin məqsədini bildirən xüsusi kodu və şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini SMS-lə 8103 qısa nömrəsinə göndərirlər.


Əməkdaşlar üçün icazənin alınmasına görə isə dövlət və özəl təşkilatlar tərəfindən sistem üzərindən müraciət göndərilir.
 


Tarix: 10-04-2020 15:45