Press-relizlər

Dövlət Agentliyi ilə Boqor Şəhəri Hökuməti arasında Protokol imzalanıb


13 mart 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə İndoneziya Respublikasının Boqor Şəhəri Hökuməti arasında Boqor Şəhəri Dövlət Xidmətləri Mərkəzinin təkmilləşdirilməsi haqqında Protokolun imzalanması mərasimi keçirilib.

Sənədi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və İndoneziya Respublikasının Boqor Şəhərinin meri Bima Arya Suqiarto imzalayıblar.

 Müvafiq görüş Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə İndoneziya Respublikasının İnzibati və Bürokratik İslahatlar Nazirliyi arasında 24 iyul 2017-ci il tarixində Cakarta şəhərində  imzalanmış mütərəqqi dövlət xidmətlərinin göstərilməsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumunun implementasiyası üzrə həyata keçirilən fəaliyyət çərçivəsində baş tutmuşdur.

Protokolun məqsədi “ASAN xidmət” modeli əsasında Boqor şəhərində dövlət xidmətlərinin göstərilməsi sahəsinin təkmilləşdirilməsidir.

Bununla əlaqədar Boqor şəhər Dövlət Xidmətləri Mərkəzinin rəhbər və işçi heyətinə Dövlət Agentliyinin ekspertləri tərəfindən “ASAN xidmət”in qabaqcıl təcrübəsinə əsaslanan nəzəri və tətbiqi təlimlərin keçirilməsi və məsləhət xidmətlərinin göstərilməsi nəzərdə tutulur.

2018 və 2019-cu illərdə İndoneziyanın paytaxtı Cakarta şəhərini və müxtəlif əyalətlərini təmsil edən qurumların rəhbərlərinə “ASAN xidmət” mərkəzlərində təlimlər keçirilib. Həmçinin “ASAN xidmət” Cakartada keçirilmiş geniş sərgidə təmsil olunub və Dövlət Agentliyinin nümayəndəsi tərəfindən təlim-mühazirə təşkil olunub.

İndoneziyalı qonaqlar, həmçinin “ASAN xidmət” mərkəzi və Elektron Hökumətin İnkişafı Mərkəzinin fəaliyyəti ilə tanış olublar.


Tarix: 13-03-2020 19:10