Press-relizlər

Startapçılarla investorların görüşü keçirilib


             Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində akselerasiya proqramını uğurla başa vurmuş startapçılarla görüş - “Demo Day” təşkil olunub.

           Tədbirdə dövlət qurumlarının və özəl şirkətlərin rəhbər vəzifəli şəxsləri iştirak ediblər.

          “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi startapların Azərbaycan və beynəlxalq bazarda inkişafına kömək məqsədi ilə intensiv akselerasiya proqramı həyata keçirir.

          “Demo Day”də aqro, təhsil, maliyyə, İKT, loqistika, turizm kimi fəaliyyət istiqamətlərini əhatə edən, ümumilikdə 8 startap çıxış edib.

          “Mr.Bee”, “Onepoint”, “Nextsale”, “11Delivery”, “Triple”, “Vriendly”, “Whelp” və “Neuroil” komandaları investorlar qarşısında öz təqdimatlarını edib.

          Startapçılar çıxışlarında “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində keçdikləri 12 həftəlik akselerasiya proqramı ərzində layihələrin necə inkişaf etdiyi, hazırda layihələrin hansı mərhələdə olduğu, gələcək hədəfləri və zəruri olan investisiya ehtiyacları haqqında məlumat veriblər.

          Tədbir çərçivəsində bir sıra şirkətlər məzun startapçılarla maraqlanıb və investisiyaların yatırılması ilə bağlı danışıqlara başlanılıb.

           “Demo Day”in keçirilməsində məqsəd maliyyə ehtiyacı olan startaplar və sərmayə qoymaq istəyən investorları bir araya gətirmək və tərəflər arasında sağlam  mühitdə davamlı əlaqələrin qurulmasına dəstək göstərməkdir.

 


Tarix: 13-05-2019 12:06