Press-relizlər

“Uşaq hüquqları uşaqların gözündə” tədbiri keçirilib


10 dekabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə İnsan Hüquqları Gününə həsr olunmuş “Uşaq hüquqları uşaqların gözündə” adlı tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin və digər qonaqlar iştirak ediblər.

Öncə qonaqlar Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin, 160 №-li klassik gimnaziyanın,  "Tərəqqi" liseyinin və  XXI ƏSR / Beynəlxalq Təhsil və İnnovasiya mərkəzinin şagirdlərinin hazırladığı “Mənim hüquqlarım: uşaq hüquqları uşaqların gözündə”  və “ASAN Məktub” layihəsinin sərgiləri ilə tanış olublar.

Sonra UNİCEF və “ASAN Könüllüləri” Təşkilatının birgə reallaşdırdığı “Uşaq hüquqlarının təşviqi” layihəsi çərçivəsində təşkil olunan təlimçilər üçün təlim proqramı (TOT) ilə tanışlıq gerçəkləşdirilib.

Tədbirin keçirilməsində məqsəd ölkəmizdə uşaq hüquqlarının qorunması və təbliğinin uşaqların gözü ilə vətəndaşlara çatdırılması, o cümlədən bu istiqamətdə peşəkar təlimçi qruplarının formalaşdırılması, paytaxtda və regionlarda əhalinin maarifləndirilməsidir.

“Uşaq hüquqlarının təşviqi” layihəsi üzrə cari ilin noyabr ayından etibarən ekspertlər tərəfindən təlimçilər üçün təlim proqramı (TOT), maarifləndirici sessiyalar və uşaq hüquqlarının təşviqi günləri keçirilir. Həmçinin Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Sabirabad, Bərdə, Masallı, Qəbələ və Qubada yaşayan əhalinin maarifləndirilməsi nəzərdə tutulur.


Tarix: 10-12-2018 18:25