Press-relizlər

Mərakeş Krallığının nümayəndə heyəti ölkəmizdə səfərdədir


            30 oktyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəvəti ilə Mərakeş Krallığının inzibati islahatlar və dövlət qulluğu naziri Məhəmməd Bin Abdelkaderin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasında səfərdədir.

            Səfər Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Mərakeş Krallığının İnzibati İslahatlar və Dövlət Qulluğu Nazirliyi arasında 21 iyun 2018-ci il tarixində imzalanmış Anlaşma Memorandumunun implementasiyası çərçivəsində keçirilib.

            Qonaqlar Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

            Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

            Nümayəndə heyəti Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və suverenliyi uğrunda  canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

            Qonaqlar “ASAN xidmət” mərkəzləri, “ABAD” sərgi-satış mərkəzi və Səyyar ASAN xidmət təcrübəsi ilə də tanış olublar.

            Həmçinin Dövlət Agentliyinin struktur bölmələri tərəfindən təqdimatlar edilib, Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumunun nümayəndələri ilə görüş keçirilib.

            Qeyd edək ki, 30 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərakeş Krallığının inzibati islahatlar və dövlət qulluğu naziri Məhəmməd bin Abdelkaderi qəbul edib.

           


Tarix: 30-10-2018 20:07