Press-relizlər

Dövlət Agentliyi Vəkillər Kollegiyası ilə Anlaşma Memorandumu imzaladı


            3 oktyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası arasında əldə olunmuş razılığa əsasən, “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində, habelə səyyar formada hüquqi yardım göstərilməsi ilə bağlı Agentliyin inzibati binasında Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib.

            Sənədi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov imzalayıblar.

            Memoranduma əsasən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində və səyyar hüquqi yardım xidmətləri sosial innovasiyaların tətbiqi ilə operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri rəhbər tutulmaqla göstəriləcəkdir.

            Bu istiqamətdə ödənişsiz şifahi hüquqi məsləhətlərin verilməsi, iddia ərizələri və məhkəmə çəkişmələri ilə bağlı digər sənədlərin, dövlət və qeyri-dövlət orqanlarına yazılı müraciətlərin hazırlanması, habelə məhkəmə instansiyalarında təmsilçilik xidmətlərinin göstərilməsi təmin ediləcək.

            Həmçinin razılaşmaya əsasən, Dövlət Agentliyinin əməkdaşları və ASAN könüllüləri üçün hüquqi maarifləndirmə tədbirlərinin həyata keçirilməsi də nəzərdə tutulur.

 

 

Tarix: 03-10-2018 12:43