Press-relizlər

"Hər kağızı bir yarpağa dəyişək" aksiyası başa çatmışdır


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçisi və rəhbəri olduğu IDEA (Ətraf mühitin mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyi, “ASAN xidmət” və ”Təmiz Şəhər” ASC ilə birgə həyata keçirilən “Hər kağızı bir yarpağa dəyişək” layihəsi başa çatmışdır.

3 fevral 2014-cü il tarixindən start götürmüş layihə çərçivəsində Bakı şəhərində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərinə xeyli miqdarda kağız təhvil verilmişdir. Hər 50 kq kağız qarşılığında 1 ədəd ağacın əkilməsi planlaşdırılmış layihə çərçivəsində ümumilikdə 78 810 kq kağız tullantı müqabilində 1576 ədəd ağac alınmışdır.

5 aprel 2014-cü il tarixində layihəyə dəstək göstərən dövlət qurumlarının, özəl müəssisə və fiziki şəxslərin iştirakı ilə “Təmiz Şəhər” ASC-yə məxsus Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonunun ərazisində ağacəkmə aksiyası təşkil olunmuş, 5000 m2 yaxın ərazi yaşıllaşdırılmışdır.

Ağacların əkilməsi üçün məhz bu ərazinin seçilməsində məqsəd ərazinin havasını oksigenlə zənginləşdirmək, mövcud torpaq qatını münbitləşdirmək və bununla da ərazidə ekoloji tarazlığın bərpasına töhfə verməkdir.

 


Tarix: 04-04-2014 15:02